Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti fermerlərə xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərvericinin Gürcüstanın müxtəlif ərazilərində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub,

Zərərli növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnamdır. İlk dəfə 1996-cı ildə ABŞ-ın bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı saldığı üçün xüsusi təhlükəli zərərverici elan olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə alaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edir.

Bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçiblər və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlayıblar.

Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dövrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

Qeyd edək ki, mərmər bağacığı yarimsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Yaşlı fərdlərin rəngi qəhvəyidir. Bel və baş nahiyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür ki, adlandırmada bu əlamət nəzərə alınıb. Bədənin aşağı hissəsi ağımtıl və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yığcam formada 12-17 mm təşkil edir.

Çoxillik təcrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu ən səmərəli mübarizə tədbirləri sayılır.
Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *