Bütün meyvə-tərəvəz məhsulları kimi fındıq da xarab olma, kiflənmə, qaxsıma və digər təhlükələrlə üz-üzədir. Doğrudur, şirəli meyvələrdən fərqli olaraq fındıqda bu risklər daha azdır, ancaq fındığın böyük kütləsinin Rusiyaya deyil, bu cür mövzulara çox həssaslıqla yanaşan Avropa Birliyinə ixrac olunması səbəbindən bu sektorda fəaliyyət göstərən bütün tərəflər bu xəstəlikdən – “aflatoksin”dən xəbərdar olması vacibdir.

“Aftatoksin” – kiflənmədən başqa bir şey deyil, sadəcə olaraq mikroskopik ölçüdədir və ona görə də “mikotoksin”lərə aiddir. Bu küf və göbələklər adi gözlə görünmür və tərkibində xüsusi zəhərli maddələr olur. Bu zəhərli maddələr insan sağlamlığını böyük təhdid altında saxlayır. Aflatoksinin miqdarı normadan yüksək olduqda bunun istehlakı qadağan olunur. Xüsusilə uşaqlar üçün bu cür qidalar xüsusi təhlükə mənbəyidir.

Ölkəmizdə fındıq aflatoksin analizi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən və Gömrük Laboratoriyası tərəfindən aparılır. Həmçinin bu analizi xüsusi avadanlıqlarla təchiz olunmuş özəl laboratoriyalar da apara bilir. Avropa Birliyinə daxil olan hər bir qida maddələri, o cümlədən fındıq yükləri AB Komissiyası tərəfindən təsdiq olunmuş laboratoriyalarda yoxlanılır və testin nəticəsinə uyğun olaraq yükün keçidinə icazə verilir və ya geri göndərilir.

Aflatoksini necə önləmək olar mövzusuna
1) Fındıq bağlarında yığıma başlamazdan ən azı 5-10 gün öncə alaq və otlar təmizlənməlidir
2) Məhsul yalnız yetişdikdən sonra dərilməlidir (yetişməmiş fındıq qoparılmamalıdır).
3) Yerə tökülmüş fındıqlar gözləmə edilmədən yerdən toplanmalıdır. Günlərlə torpağın üstündə qalması doğru deyildir.
4) Yığımlar mütləq cut (parça) kisələr içərisində saxlanmalıdır. Plastik (polypropylen) kisələrdə saxlanması məhsulda kif və paslanma yaradır və aflatoksinin səbəbidir.
5) Toplanan fındıqlar böyük komalar halında yığılmamalıdır. Bu mərkəzdə olan fındıqları qızışma ilə kifləndirir.
6) Komalanmış fındıqlar birbaşa torpağın üstündə deyil, örtük üzərində saxlanmalı və yağışdan qorunmaq üçün çardaqlı yerdə saxlanmalıdır (yaxud üzərinə örtük çəkilməlidir – dirəklər üzərində).
7) Fındığın qarzaxdan ayrılması üçün patoz maşınına verildikdən sonra ya birbaşa zavoda təhvil verilməli, yaxud da beton örtük üzərinə sərilməlidir.

Bütün bunlar fındığın daha yaxşı keyfiyyətdə qalması üçündür. Məlum olduğu kimi, fındığın tərkibində çürük olmazsa, fındıq quru və yaxşı vəziyyətdə saxlanmış olarsa, bu həm aflatoksini önləyər, həm də fermerə daha çox gəlir gətirmiş olar. Məsələn, hazırda Atababa sort fındığın kiloqramı həm 2.50 manata, həm də 3.20 manata alınır. Qiymət fərqinə səbəb – keyfiyyətdir və onlar məhz bu sadalanan şərtlər ilə xeyli yaxşılaşdırıla bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *