tarix_big

GABA-nın Profili

Adı: Gəncə Aqrobiznes Assosiasiyası
Hüquqi forması: QHT (qeyri-hökümət təşkilatı)
Ünvan: Cavadxan küç. 19, Gəncə, AZ 2000, Azərbaycan
Tel/Faks: (+994 22) 56 94 00
Email: Office@gaba.az
Web: www.gaba.az

GABA-nın əsas missiyası insan resurslarının inkişaf etdirilməsi, bilik və bacarıqların ötürülməsi yolu ilə ölkənin aqrar sektorunun davamlı inkişafına dəstək verməkdən ibarətdir.  Təşkilat 1996-cı ildə ADAU-nun bir qrup aparıcı alimləri tərəfindən yaradılmış və Avrasiya Fondu, USAİD layihəsinin dəstəyi ilə 2000-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

GABA öz fəaliyyətini Azərbaycanın Qərb, Şimal-Qərb və Aran rayonlarında icra etməsinə baxmayaraq, bütün Azərbaycanı əhatə edəcək geniş strategiyaya malikdir. Son 17 il ərzində GABA IFOAM, USAID, FAO, BP, Avropa İttifaqı, Dünya Bankı, GIZ və s. kimi beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq çərçivəsində davamlı kənd təsərrüfatının inkişafı sahəsində 50-dən çox uzun və qısa müddətli layihələr icra etmişdir. GABA-da əsasən ekoloji kənd təsərrüfatı, təhsil və araşdırma, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı layihələri uğurla icra edən və aqrobiznes sahəsində yüksək təcrübəyə malik ekspertlər, layihə koordinatorları, maliyyə işçiləri və məsləhət xidməti göstərən peşəkar mütəxəssislər fəaliyyət göstərir.

GABA Azərbaycanda ekoloji kənd təsərrüfatını təbliğ edən mühüm aparıcı təşkilatdır. GABA təlim və təhsil, sahə məsləhət xidməti, marketinq, elmi tədqiqatlar, torpağın ekoloji monitorinqi, biznes planlaşdırma, kreditləşmə və sertifikatlaşdırma sahəsində öz müştərilərinə birbaşa və onlayn xidmətlər göstərir. GABA istər Azərbaycanda, istərsə də beynəlxalq səviyyədə təşkil olunan konfrans, seminar, iclas və yarmarkalarda daima fəal iştirakını təmin edir. GABA-nın əsas nəşrlərinə Ekoloji Kənd Təsərrüfatı jurnalı (48.000 tiraj), 470,000 hədəf fermerlərimiz arasında paylanılmış məlumat kitabçaları (buklet, broşur və s.), 85 elmi kitab və çoxsaylı onlayn materiallar daxildir. Eyni zamanda, GABA-nın Azərbaycanda “Amin Kredit İttifaqı” MMC, “Azekosert” Sertifikatlaşdırma Orqanı, Aqro-İnnovasiya MMC, Aqro-Marketinq MMC kimi bir sıra törəmə təşkilatları və dayaq məntəqələri fəaliyyət göstərir. Bundan başqa, həm milli, həm də beynəlxalq mətbuat GABA-nın uğurlu fəaliyyətlərini işıqlandırmışdır. Belə ki, bugünə kimi 200-ə yaxın televiziya verilişi yayımlanmış və 800 məqalə çap olunmuşdur. GABA-nın əsas uğurları aşağıda sadalanmışdır:

 

  • 1996 – GABA Azərbaycanda ilk dəfə aqrar sahə üzrə məsləhət xidməti göstərmişdir;
  • 2000 – GABA Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir;
  • 2002 – GABA Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasına üzv qəbul olunmuşdur (IFOAM);
  • 2002 – GABA “Amin” Kredit İttifaqı MMC vasitəsilə üzvlərinə maliyyə dəstəyi göstərmək məqsədilə sahibkarlara kredit verməyə başlamışdır;
  • 2003 – GABA regionda bir sıra QHT-lərlə koalisiya yaratmışdır;
  • 2004 – GABA “Ekoloji Kənd Təsərrüfatı” ilə bağlı qanun layihəsi hazırlamış və Azərbaycan Parlamentinə təqdim etmişdir;
  • 2005 – GABA-nın dəstəyi ilə ilk Ekoloji Sertifikatlaşdırma Orqanı olan “AZEKOSERT” yaradılmışdır;
  • 2006 – GABA və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə dəstəyi ilə ilk “Torpaq Keyfiyyəti və Ətraf Mühitin Monitorinqi Laboratoriyası” yaradılmışdır;
  • 2006 – “Ekoloji Kənd Təsərrüfatı” jurnalı Azərbaycanda ilk dəfə olaraq nəşr edilməyə başlamışdır;
  • 2007 – GABA Azərbaycan Dövlət Aqrar Universitetində ekoloji kənd təsərrüfatı kafedrasının yaradılmasının təşəbbüskarı olmuşdur;
  • 2008 – Prezident İlham Əliyev “Ekoloji Kənd Təsərrüfatı” üzrə GABA-nın təklif edib hazırladığı qanunu qəbul etmişdir;
  • 2009 – Ekoloji kənd təsərrüfatı üzrə hüquqi normativ sənədlər tərtib olunmuş və təsdiq edilmişdir;
  • 2010İlk QHT olaraq Azərbaycanda keyfiyyət nəzarət sistemi üzrə İsveçrənin Sertifikatlaşdırma Orqanı SGS tərəfindən ISO 9001-2008 Sertifikatını əldə etmişdir;
  • 2010 – GABA Ekoloji Sertifikatlaşdırma Orqanı AZEKOSERT MMC ilə birlikdə ilk dəfə olaraq Azərbaycanı Almaniyanın Nurenberq şəhərində keçirilən BioFach Dünya Ticarət Sərgisində təmsil etmişdir;
  • 2010 – GABA-nın Sədri Prof Amin Babayev Azərbaycanda ekoloji kənd təsərrüfatının davamlı inkişafı sahəsində göstərdiyi əvəzsiz xidmətlərə görə Rusiyanın Ekologiya və Həyat Təhlükəsizliyi Akademiyasının Qızıl Orderi ilə təltif olunmuşdur;
  • 2011 – Gəncə-Qazax iqtisadi regionunda ilk dəfə olaraq GABA və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə icra etdiyi Tempus layihəsi çərçivəsində ADAU-da “Elektron Kitabxana” yaradılmışdır
  • 2012 – GABA-nın nümayəndələri ABŞ-da Beynəlxalq İdarəetmə Proqramı çərçivəsində kənd təsərrüfatının idarə edilməsi, inkişaf modulları və aqro məhsulların marketinqi üzrə keçirilmiş təlimlərdə fəal iştirak etmişdir;
  • 2013 – Ekoloji və Ənənəvi Kənd Təsərrüfatı layihələrinin yazılması və icra edilməsi, eləcə də bu sahə üzrə məsləhət xidmətinin göstərilməsi ilə bağlı Böyük Britaniyanın SGS təşkilatının Sertifikatına layiq görülmüşdür;
  • 2014 – GABA ilk dəfə olaraq açıq sahə və istixana tərəvəzçiliyi, alma və moruq bağları, arıçılıq üzrə Azərbaycanda “Ağıllı Fermer Təsərrüfatları” yaratmışdır;
  • 2015 – GABA və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə əməkdaşlığı sayəsində Ekoloji Kənd Təsərrüfatı üzrə Qax Regional Təcrübə və Resurs Mərkəzi yaradılmışdır;
  • 2016 – GABA-nın təşəbbüsü ilə kənd təsərrüfatına yeni texnologiya və innovasiyaların ötürülməsi məqsədilə Aqro-İnnovasiya MMC yaradılmışdır;
  • 2016 – GABA-nın sədri Babayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin işçi qrupuna üzv seçilmişdir;
  • 2016 – GABA Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni yaradılmış Aqrar Kommissiyaya üzv qəbul edilmişdir;
  • 2017 – GABA Azərbaycanda ilk dəfə olaraq aqro məhsulların satışı və marketinqi üzrə “AgroMarketing.az” onlayn və mobil platforma yaratmışdır;
  • 2017 –GABA-nın təsisçisi prof.Amin Babayev ekoloji kənd təsərrüfatı, ekologiya və sosial-iqtisadi inkişafla bağlı misilsiz xidmətlərinə görə 5-ci Beynəlxalq Vahid Dünya Mükafatı müsabiqəsinin qalibi elan edilmişdir.

 

Bizim məqsədimiz beynəlxalq partnyor və tərəfdarlarımzla qarşılıqlı əlaqələrin gücləndirilməsində fəal aparıcı rol oynamaq və mükəmməllik nümayiş etdirməkdir. Bu isə bizə mesajımızı daha geniş auditoriyaya çatdırmağa imkan verir.