Kənd təsərrüfatı sığortasına maraq günü-gündən artmaqdadır. Bu sahədəki statistik rəqəmlər belə deməyə əsas verir. Bəs kənd təsərrüfatı sığortasında baş verən bu artımın əsas səbəbi nədir?

Son aylar ərzində Azərbaycanda kənd təsərrüfatı sığortası gözlənilmədən artıb. Bu ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı bitkilərinin sığortası üzrə yığımlar 217% və ya 907 min manat artaraq 1,419 milyon manata yüksəlib. Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə yığımların həcmi 1,581 milyon manat və ya 129% artaraq 2,802 milyon manat təşkil edib.

Kənd təsərrüfatı sığortası üzrə ixtisaslaşmış “Azərbaycan Sənaye Sığorta” şirkətinin idarə heyətinin sədri Kamran Babayev bildirib ki, hazırda ölkə üzrə kənd təsərrüfatı bitkilərinin sığortasının 85%-i bu şirkətin payına düşür.

Keçən ilin eyni dövrü ilə müqayisədə bu il “Azərbaycan Sənaye Sığorta” şirkətinin bu növ üzrə yığımları kəskin artıb:

“Keçən il sığortalanan əkin sahələrinin həcmi 6 min hektar olubsa, bu il 12 min hektara qədər yüksəlib. Bu da kənd təsərrüfatı bitkilərinin ümumi sığortası üzrə yığımların artımına ciddi təsir edib”.

Sığortalanan əkin sahələri əsasən fermer təsərrüfatlarına aid şəkər çuğundurudur: “Fermerlər şəkər çuğundurunu becərib şəkər zavoduna təhvil verirlər. Ona görə də gözlənilməyən zərərlərlə qarşılaşmamaq üçün fermerlər sahələri sığortalamağa başlayıblar”.

K.Babayev bildirib ki, 2016-cı ildə “Azərbaycan Sənaye Sığorta” 1,3 milyon manat sığorta ödənişi verib. Bu isə bazar üzrə ən böyük ödəniş olub. Yəni, bu özü də göstərir ki, bu sahə kifayət qədər zərərlidir. Fermerlər də ötən il kifayət qədər zərər ediblər. Bu da onların sığortaya marağını artırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *