Şitil  kiçik  ölçülü  şitillik  istixanalarında  becərilməlidir.  Toxumun  səpin  müddəti istixananın isidilməsi müddətindən asılı olaraq müxtəlif vaxtlarda ola bilər. Bütün hallarda toxum  şitilin  daimi  yerinə  əkilməsindən  65-70  gün  əvvəl  səpilməlidir. Azərbaycanda tərəvəz becərilən bölgələrin əksəriyyətində əlverişli səpin müddəti yanvar ayının 1-5-i hesab edilir. Bu müddətdə səpin  aparıldıqda istixanaların  qızdırılmasına  nisbətən az  xərc tələb  olunur. Səpindən əvvəl əkiləcək şitilin miqdarından asılı olaraq tələb olunan toxumun miqdarı müəyyənləşdirilir. Tələb olunan toxumdan 15-20% artıq toxum səpilməlidir ki, sahəni şitillə tam təmin  etmək mümkün olsun. Toxum qidalı torpaq doldurulmuş üzüm yeşiklərinə və digər dayaz qablara səpilərək üzəri 1-1.5 sm qalınlığında torpaqla  örtülməlidir. Burada tam şəkildə cücərti alınır və cücərtilər 1-2 həqiqi yarpaq fazasında əvvəlcədən hazırlanmış qidalı dibçəklərə pikirovka edilməli və şitilliyə düzülməlidir. Belə olan halda bərabər çıxış almaq olur və vahid sahədən şitil çıxımı yüksəlir

Şitillikdə istilik toxumun səpinindən cücərməyə qədər olan dövrdə 20-25oC olmalı, cücərti əmələ gəlməsindən sonra 4-7 gün  müddətində istilik gündüz 12-15oC gecə 6-10oC civarında olmalıdır ki, cücərtilər çox uzanıb keyfiyyətini itirməsin. Cücərmədən 7 gün sonra isə, yəni cücərtilərdə normal kök əmələ gəldikdə istilik gündüz günəşli havada 20-26oC,buludlu havada 17-19oC, gecələr isə 6-10oC səviyyəsində saxlanılmalıdır. Suvarmanın isti su ilə günün birinci yarsında aparılması məsləhət görülür. Suvarma norması elə nizamlanmalıdır ki, bütün torpaq qatı nəm halda olsun.

Yemləmə gübrəsi 2-3 dəfə verilməlidir.Birinci yemləmə pikirovka olunmadan bir həftə sonra, ikinci və üçüncü yemləmə isə 7-10 gündən bir aparılmalıdır. Birinci yemləmədə 10 litr suda 5 qram maqnezium-sulfat, 5 qram ammonium şorası, 15 qram kalium xlor və 40 qram superfosfat həll edilib 1m2 şitillik sahəsinə çilənir.  Sonrakı  yemləmələrdə  gübrənin  dozası 2 dəfə  artıq götürülür. Hər yemləmədən sonra şitillərin yarpaqlarını gübrə məhlulu yandırmaması üçün adi su çiləməklə yuyulmalıdır. Şitillikdə digər yemləmə şəkilində bioloji fəal preparatlardan da (gicitkən suyu, biohumus çayı, tərkibində Baccillius subtillis bakteriyası olan preparat və s.) istifadə edilməsi yüksək səmərə verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *